Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-11-2026 , 14:24

143

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +

Bələdiyyələrin büdcə gəlirlərinin artırılması: mövcud problemlər, qanunvericilik boşluqları və yeni yanaşmalar


Bələdiyyələrin maliyyə imkanlarının genişləndirilməsi, yerli büdcə gəlirlərinin artırılması və onların vətəndaşlar qarşısında daşıdıqları öhdəlikləri daha səmərəli şəkildə yerinə yetirməsi bu gün qarşıda duran ən mühüm məsələlərdən biridir. Bələdiyyələrin real yerli özünüidarəetmə orqanlarına çevrilməsi, əhalinin gündəlik problemlərinin həllində daha fəal iştirak etməsi və dövlətin üzərinə düşən sosial-infrastruktur yükünün müəyyən hissəsini öz üzərinə götürməsi, ilk növbədə, onların dayanıqlı maliyyə mənbələrinə malik olmasından asılıdır.

Bu baxımdan bələdiyyə büdcələrinin gəlir imkanlarının artırılması məsələsinə yalnız vergi və ödənişlərin toplanması prizmasından yanaşmaq düzgün olmazdı. Burada həm mövcud qanunvericiliyin verdiyi imkanlardan maksimum istifadə edilməsi, həm qanunvericilikdəki boşluqların aradan qaldırılması, həm də bələdiyyələrin maliyyə təminatının daha fundamental və sistemli şəkildə qurulması zərurəti ortaya çıxır.

İlk növbədə, bələdiyyələrin vergi xidməti mövcud qanunvericiliyin verdiyi imkanlardan tam və səmərəli şəkildə istifadə etmək üçün bütün potensialını səfərbər etməlidir. Yerli vergilərin və ödənişlərin düzgün hesablanması, vergi ödəyicilərinin uçotunun aparılması, vergitutma obyektlərinin müəyyənləşdirilməsi, borcların vaxtında yığılması və vergi intizamının gücləndirilməsi bələdiyyələrin vergi xidmətlərinin əsas prioritetləri olmalıdır.

Lakin təcrübə göstərir ki, bələdiyyələrin mövcud qanunvericiliklə əldə edə biləcəyi gəlirlər heç də həmişə tam reallaşdırılmır. Bunun səbəblərindən biri qanunvericiliyin ayrı-ayrı müddəalarının qeyri-dəqiq olması, digər səbəb isə həmin müddəaların icrası üçün zəruri mexanizmlərin tam formalaşdırılmamasıdır.

Məhz buna görə də bələdiyyə qanunvericiliyinin mütəmadi monitorinqinin aparılmasına, tətbiq zamanı meydana çıxan problemlərin sistemləşdirilməsinə və onların aradan qaldırılması üçün konkret təkliflərin hazırlanmasına ciddi ehtiyac vardır.

Bu gün bələdiyyələrin inzibati ərazilərində fəaliyyət göstərən, həmin ərazilərin infrastrukturundan, torpaq sahələrindən, küçə və yol şəbəkəsindən, ictimai məkanlarından istifadə edən bir sıra dövlət və digər qurumlar mövcuddur.

Məsələn, “AZParking” bələdiyyələrin inzibati ərazilərində avtomobil dayanacaqlarının təşkili və idarə olunması nəticəsində il ərzində kifayət qədər gəlir əldə edir. Lakin bələdiyyələrin bu fəaliyyətdən qanunla nəzərdə tutulan maliyyə payını əldə etməsi məsələsi praktikada ciddi problemlərlə müşayiət olunur.

Eyni vəziyyət reklam fəaliyyəti ilə bağlı da müşahidə edilir. Dövlət Reklam Agentliyi bələdiyyə ərazilərində reklam qurğularının yerləşdirilməsi və reklam fəaliyyətinin tənzimlənməsi ilə bağlı müəyyən gəlirlər əldə edir. Bununla belə, həmin fəaliyyətin bələdiyyə büdcəsinə maliyyə töhfəsi verməsi üçün aydın və işlək mexanizm olmalıdır.

Rəsmi icazə əsasında küçə ticarəti ilə məşğul olan şəxslər də müvafiq dövlət qurumlarına müəyyən ödənişlər edirlər. Lakin bu fəaliyyətin həyata keçirildiyi ərazilərin abadlaşdırılması, təmizliyi, təhlükəsizliyi və infrastrukturunun qorunması ilə bağlı bələdiyyələrin üzərinə əlavə məsuliyyət düşür. Belə olan halda, həmin fəaliyyətlərdən əldə edilən gəlirlərin müəyyən hissəsinin bələdiyyə büdcəsinə yönəldilməsi məsələsi qanunvericilik səviyyəsində həllini tapmalıdır.

Eyni zamanda, AYNA-nın bələdiyyələrin inzibati ərazilərində həyata keçirdiyi fəaliyyətlər, nəqliyyat və yol infrastrukturundan istifadə, eləcə də digər kommunal və infrastruktur xidmətləri də bu baxımdan ayrıca araşdırılmalıdır.

Bütün bunlar bir daha göstərir ki, bələdiyyə ərazisindən istifadə edən, həmin ərazidə iqtisadi fəaliyyət həyata keçirən və bu fəaliyyətdən gəlir əldə edən qurumların bələdiyyələr qarşısında maliyyə məsuliyyəti məsələsi daha aydın və sistemli şəkildə müəyyən edilməlidir.

Əsas prinsip sadədir: bələdiyyənin ərazisindən istifadə edilir, həmin ərazidə gəlir əldə olunur, lakin bu gəlirin formalaşmasında iştirak edən yerli özünüidarəetmə orqanının büdcəsinə adekvat maliyyə töhfəsi verilmir.

Belə bir yanaşma nə iqtisadi baxımdan ədalətlidir, nə də yerli özünüidarəetmənin inkişafı baxımından qəbul edilə bilər.

Qanunvericilik boşluqları və icra mexanizmlərinin təkmilləşdirilməsi

Bələdiyyələrin büdcə gəlirlərinin artırılması istiqamətində qarşıya çıxan problemlərin mühüm hissəsi qanunvericilikdəki boşluqlarla və ayrı-ayrı normativ hüquqi aktların tətbiqi zamanı yaranan ziddiyyətlərlə bağlıdır.

Bəzi hallarda qanun bələdiyyəyə müəyyən hüquq və səlahiyyətlər verir, lakin həmin hüquqların həyata keçirilməsi üçün konkret mexanizm müəyyən edilmir. Digər hallarda isə qanunvericiliyə edilən dəyişikliklər praktikada tətbiq olunmur və ya müvafiq dövlət qurumları tərəfindən fərqli şəkildə şərh edilir.

Bu baxımdan bələdiyyə qanunvericiliyinin kompleks monitorinqi aparılmalı, aşağıdakı istiqamətlər üzrə təkmilləşdirmələr həyata keçirilməlidir:

Bələdiyyələrin yerli vergi və ödənişlər üzrə hüquq və səlahiyyətlərinin dəqiq müəyyən edilməsi;

Bələdiyyə ərazisində fəaliyyət göstərən dövlət və digər qurumların yerli büdcə qarşısında maliyyə öhdəliklərinin hüquqi əsaslarının yaradılması;

Bələdiyyə ərazisindən kommersiya və infrastruktur məqsədləri üçün istifadə edilməsinə görə ödəniş mexanizmlərinin təkmilləşdirilməsi;

Qanunla nəzərdə tutulan ödənişlərin vaxtında və tam həyata keçirilməsi üçün icra mexanizmlərinin müəyyənləşdirilməsi;

Müvafiq dövlət qurumları ilə bələdiyyələr arasında elektron və operativ məlumat mübadiləsi sisteminin yaradılması;

Qanunvericiliyin tətbiqi zamanı meydana çıxan mübahisələrin həlli üçün aydın prosedurların müəyyən edilməsi.

Ən vacib məqam isə ondan ibarətdir ki, qanunvericilik yalnız hüquq və vəzifələri müəyyən etməklə kifayətlənməməli, həmin hüquqların reallaşdırılması üçün işlək icra mexanizmlərini də təmin etməlidir.

Bu məsələyə bələdiyyə əmlakının qiymətləndirilməsi ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər nümunəsində də baxmaq olar.

Qısa müddət ərzində müvafiq qanuna dəyişiklik qəbul edildi və Prezidentin fərmanı ilə qüvvəyə mindi. Həmin dəyişiklik bələdiyyələr üçün müəyyən imkanlar yaratdı və aprel ayında prosesə start verildi.

Lakin təəssüf ki, bu gün həmin dəyişikliklərdən irəli gələn bəzi məsələlərin icrasında ciddi çətinliklər müşahidə olunur. Yeni qiymətləndirmə rəylərinin müvafiq dövlət qurumu tərəfindən qəbul edilməməsi və ya onların tətbiqində problemlərin yaranması bələdiyyələrin fəaliyyətinə mənfi təsir göstərir.

Əgər qanunvericiliyə dəyişiklik edilir, onun tətbiqi üçün dövlət səviyyəsində qərarlar qəbul olunur və bələdiyyələr bu prosesə qoşulursa, həmin dəyişikliklərin nəticələri də təmin edilməlidir.

Əks halda, qanunvericiliyə edilən dəyişikliklərin praktiki əhəmiyyəti azalır, bələdiyyələrin hüquqi imkanları formal xarakter daşıyır və onların bu prosesə sərf etdiyi vaxt və resurslar gözlənilən nəticəni vermir.

Bu səbəbdən qanunvericilik dəyişiklikləri qəbul edilməzdən əvvəl onların tətbiq mexanizmləri, aidiyyəti qurumların öhdəlikləri və icra prosedurları dəqiq müəyyən edilməlidir.

Görülən işlər və əldə olunan nəticələr

Bələdiyyələrin büdcə gəlirlərinin artırılması istiqamətində son dövrlərdə ciddi layihələr həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Bələdiyyələrlə İş sektorunun təşəbbüsü və dəstəyi, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasının iştirakı ilə bu sahədə mühüm işlər görülür. Bu arada Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin də bu istiqamətdə verdiyi töhfələri unutmamalıyıq.

Ancaq görülən işlərin həcmi və sərf edilən səylərlə yerli büdcə gəlirlərinin artım göstəriciləri arasında ciddi fərq müşahidə olunur. Yəni bu qədər zəhmətin və əziyyətin qarşılığında bələdiyyələrin ümumi gəlirlərinin ölkə üzrə artım səviyyəsi 10 faiz həddini belə keçmir.

Bu, onu göstərir ki, bələdiyyələrin maliyyə imkanlarının artırılması məsələsinə yalnız ayrı-ayrı layihələr və inzibati tədbirlər çərçivəsində yanaşmaq kifayət deyil. Prosesə fundamental və sistemli yanaşma tələb olunur.

Bəzi dövlət qurumlarının bu məsələyə səthi yanaşması, bələdiyyələrin maliyyə hüquqlarının tam nəzərə alınmaması və mövcud imkanların reallaşdırılmasında koordinasiyanın zəif olması da nəticələrə öz təsirini göstərir.

Dövlət büdcəsi ilə bələdiyyə büdcələri arasında yeni maliyyə münasibətləri

Bələdiyyələrin maliyyə təminatı yalnız onların öz vergi xidmətlərinin fəaliyyəti ilə məhdudlaşmamalıdır. Yerli özünüidarəetmənin dayanıqlı maliyyə modelinin yaradılması üçün dövlət büdcəsi ilə bələdiyyə büdcələri arasında daha səmərəli və ədalətli münasibətlər sistemi formalaşdırılmalıdır.

Mənim fikrimcə, bələdiyyələrin büdcə gəlirlərinin artırılması istiqamətində ən mühüm və perspektivli təkliflərdən biri dövlət büdcəsindən yerli büdcələrə avtomatik maliyyə ayırmalarının həyata keçirilməsidir.

Yəni bələdiyyənin inzibati ərazisində dövlət büdcəsinə daxil olan müəyyən vergi və rüsumların əvvəlcədən qanunla müəyyən edilmiş hissəsi birbaşa həmin bələdiyyənin büdcəsinə yönəldilməlidir.

Bu mexanizm ayrı-ayrı dövlət qurumlarının bələdiyyə büdcəsinə hansısa vəsaiti könüllü və ya pərakəndə şəkildə köçürməsindən daha səmərəli olardı. Çünki burada söhbət təsadüfi maliyyə dəstəyindən deyil, qanunla təmin edilmiş, şəffaf və davamlı gəlir mənbəyindən gedir.

Belə bir sistemin tətbiqi:

Bələdiyyələrin maliyyə müstəqilliyini və dayanıqlığını artırar;

Yerli büdcələrin gəlir mənbələrini şaxələndirər;

Dövlət və bələdiyyə büdcələri arasında daha ədalətli maliyyə münasibətləri formalaşdırar;

Bələdiyyələrin əraziyə xidmət göstərmək və infrastruktur problemlərini həll etmək imkanlarını genişləndirər;

Dövlətin üzərinə düşən bəzi yerli xidmət və sosial-infrastruktur yükünün bölüşdürülməsinə şərait yaradər;

Bələdiyyələrin maliyyə öhdəliklərini, o cümlədən DSMF qarşısında yaranmış borclarını mərhələli şəkildə azaltmasına imkan verər.

Bu modelin tətbiqi zamanı hər bir bələdiyyənin ərazisində toplanan gəlirlərin müəyyən hissəsinin həmin əraziyə qaytarılması prinsipi əsas götürülə bilər. Bununla yanaşı, maliyyə imkanları zəif olan bələdiyyələr üçün əlavə bərabərləşdirici mexanizmlər də nəzərdə tutulmalıdır.

Beynəlxalq təcrübə və Azərbaycan üçün yeni model

Bir çox ölkələrdə yerli özünüidarəetmə orqanlarının maliyyə təminatı dövlət büdcəsindən ayrılan transfertlər, yerli vergilər və dövlət vergilərindən müəyyən edilmiş paylar hesabına formalaşdırılır.

Bu təcrübə göstərir ki, bələdiyyələrin maliyyə dayanıqlığı yalnız yerli vergi bazasının genişliyindən asılı deyil. Dövlət büdcəsi ilə yerli büdcələr arasında düzgün qurulmuş maliyyə münasibətləri də mühüm rol oynayır.

Məsələn, Tbilisi bələdiyyəsinin gəlirləri arasında dövlət tərəfindən ayrılan transfertlərin əhəmiyyətli paya malik olması — ümumi büdcə daxilolmalarının 35 faizini təşkil etməsi — yerli özünüidarəetmənin maliyyə təminatı baxımından diqqətəlayiq nümunədir.

Bununla belə, müxtəlif ölkələrdə transfertlərin və dövlət vergilərindən ayrılan payların həcmi fərqlidir. Bu göstəricilər ölkənin iqtisadi modelindən, bələdiyyələrin səlahiyyətlərindən və dövlət-bələdiyyə münasibətlərindən asılı olaraq dəyişir.

Azərbaycan üçün də beynəlxalq təcrübənin öyrənilməsi, lakin onun mexaniki şəkildə deyil, ölkəmizin iqtisadi, hüquqi və inzibati xüsusiyyətləri nəzərə alınmaqla tətbiqi məqsədəuyğun olardı.

Nəticə

Yekun olaraq qeyd edək ki, bələdiyyələrin büdcə gəlirlərinin artırılması məsələsi yalnız maliyyə problemi deyil. Bu, eyni zamanda yerli özünüidarəetmənin gücləndirilməsi, dövlət-vətəndaş münasibətlərinin daha səmərəli qurulması və ölkədə demokratik idarəetmə institutlarının inkişafı məsələsidir.

Əgər biz bələdiyyəni vətəndaş üçün real, faydalı və etibarlı quruma çevirmək, dövlətin üzərinə düşən yükü azaltmaq və yerli problemlərin həllini daha operativ şəkildə təmin etmək istəyiriksə, onda bələdiyyələrin maliyyə imkanlarının artırılmasına formal deyil, fundamental yanaşmalıyıq.

Bunun üçün mövcud qanunvericiliyin verdiyi imkanlardan maksimum istifadə edilməli, qanunvericilikdəki boşluqlar aradan qaldırılmalı, dövlət qurumları ilə bələdiyyələr arasında maliyyə münasibətləri yenidən nəzərdən keçirilməli və dövlət büdcəsindən yerli büdcələrə avtomatik maliyyə ayırmaları mexanizmi yaradılmalıdır.

Ən əsası isə bələdiyyələrin maliyyə müstəqilliyi onların real səlahiyyətləri və məsuliyyətləri ilə uzlaşdırılmalıdır. Çünki güclü bələdiyyə yalnız güclü yerli büdcə demək deyil. Güclü bələdiyyə həm də vətəndaşın problemini öz ərazisində həll edə bilən, dövlətin yükünü azaldan, yerli inkişafı təmin edən və cəmiyyət qarşısında məsuliyyət daşıyan idarəetmə institutudur.

Bələdiyyələrin maliyyə imkanlarını artırmaqla biz yalnız yerli büdcələri deyil, bütövlükdə dövlət idarəçiliyinin səmərəliliyini və vətəndaşın rifahını artırmış oluruq.

Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Zəfərin əbədi varisləri

Elmi-Praktik Məsələlər
07-11-2026
509

Keçmişdən gələcəyə - toplaşaq muzeylərə!

Elmi-Praktik Məsələlər
07-08-2026
1174